Möhsün Sadıq oğlu Cəfərov (Sənani) (19 iyun, 1900, Tiflis, Gürcüstan-12 fevral, 1981, Bakı) — Azərbaycan aktyoru, Azərbaycan SSR xalq artisti.
Həyatının 60 ilini Azərbaycan teatr sənətinə həsr edən Möhsün Sənani səhnəmizin görkəmli və məşhur artistlərindən biridir. Möhsün Sənaninin adı gələndə hər kəsin üzündə sevinc duyulur, təbəssüm görünür. Onun repertuarı zəngin və murəkkəbdir. Sənanini xalqa sevdirən onun bənzərsiz sənətkarlığı, fitri istedadı, gənc nəslə daim qayğı ilə yanaşması olmuşdur. Sənani aktyora çox vacib olan hər cür qabiliyyətə: oxumaq, oynamaq, çalmaq bacarığına malik idi.
Sənani onun təxəllüsüdür. Onun əsl familiyası Cəfərovdur. Möhsün Sənani Cəfərov 1900-cü ildə Tiflisin "Şeytanbazar" məhəlləsində ruhani ailəsində anadan olmuşdur. O, 4-5 yaşında ikən ata-anasını itirmiş, nənəsinin himayəsində qalmışdır. 1906-cı ildə nənəsi Möhsünü mədrəsəyə qoyur. Nənəsinin məqsədi Möhsünü mollalığa hazırlamaq və gələcəkdə onu atası kimi mərsiyəxan eləmək idi. Lakin Möhsün nə mədrəsəni oxuyub başa çatdıra bilir, nə də ki nənəsinin arzusu yerinə yetir. 1908-ci ildə nənəsi vəfat edir, xalası molla Zinyət onu öz himayəsinə götürür. Molla Zinyət, respublikanın xalq artisti Əli Qurbanovun anasıdır. Molla Zinyət Möhsünü öz uşaqlarından çox istəyir. O, Sənaninin oxuması ilə şəxsən özu məşğul olur. Ancaq Zinyət xanımın da vəziyyəti yaxşı deyildi. Onun özünün ailə üzvləri də çox idi. Buna baxmayaraq, Zinyət ana Möhsünü da, onun bacısını da doğma övladı kimi saxlayır. Kiçik yaşlı Möhsün özünün və bacısının xalasına bir yük olduğundan xəcalət çəkir. Odur ki, 1909-cu ildən işləməli olur. O, Şeytanbazarda hər cür əzab-əziyyətə və böyük zəhmətə qatlaşır.